7:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asiman Abbasovun 07.03.2023-cü il tarixdə ordunun Təlim Tədris Mərkəzində keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur" mövzusunda çıxış mətni

Qeyd edim ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan Ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı Qüvvələrimiz ölkəmizi istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir. Bu uğuru ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də Azərbaycan Silahlı Qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlarından kənarlaşdırması oldu. Ulu öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu.
Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ sovetlər dövründən götürmüşdü. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdu. Bunun nəticəsi idi ki, sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi.
Hələ yaxın keçmişdə Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qalmışdı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi liseyi təşkil etdi.
Qeyd etmək lazımdır ki, Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan vermişdir. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdur. Təsadüfi deyildir ki, müstəqillik illərində C.Naxçıvanski adına hərbi məktəb Azərbaycanın ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdir. Ötən illər ərzində minlərlə gənc bu məktəbi bitirərək ali hərbi məktəblərə daxil olmuş və böyük ordu həyatına vəsiqə almışlar.
Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu idi ki, hələ müstəqilliyini əldə etməzdən əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri əvvəlcə Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırım tətbiq etdilər, sonra isə Qarabağ və onun ətrafındakı rayonların işğalına başladılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər ümummilli lider Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınardı. Bu sözlərin doğru olduğunu Heydər Əliyev əvvəlcə Naxçıvanda fəaliyyət göstərdiyi vaxt, sonra Azərbaycan xalqının tələbi ilə respublika hakimiyyətinə qayıtdıqdan sonra gördüyü müstəsna işlərlə sübut etdi.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edərkən artıq Ermənistan ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəni işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər Silahlı Qüvvələr yarada bilmədilər. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması haqqında Qərarın qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Məhz belə şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi.
Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapmışdı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunmuşdular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmişdir. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilmiş, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılmışdır.
Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla Azərbaycan Xalq Cumhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir.
Məhz ulu öndər Heydər Əliyevin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Bu gün Azərbaycanın ali hərbi məktəblərində bir sıra xarici ölkələrin nümayəndələri təhsil alırlar.
2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Ümummilli lider demişdir: "Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıbdır, bu, asan iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır".
Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndiriməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.
Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunun dövlət quruculuğunun prioriet istiqamətinə çevrilməsi bu prosesin ahəngdarlığına və səmərəliliyinə zəmin yaratmışdır. Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarı ilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Artıq bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərimizi qorumaqla yanaşı, bir sıra ölkələrdə həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar. Bunun ən böyük səbəbi ulu öndər, əbədiyaşar sərkərdə Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait artıq bir neçə ildir ki, ardıcıl olaraq Ermənistanın ümumi büdcəsini ötüb keçmişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyində bir çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu da Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkan yaratmışdır.
Hazırda respublikamızın Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələr üçün müxtəlif kateqoriyadan olan hərbi kadrların hazırlanması Azərbaycan Ali Hərbi Məktəblərində, Silahlı Qüvvlərin Təlim və Tədris Mərkəzində, Hərbi Akademiyasında və digər hərbi təhsil müəssisələrində uğurla həyata keçirilir. 1997-ci ildən bu məktəblərdə NATO standartlarına uyğun tədris proqramı tətbiq olunur. Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi qulluqçularla yanaşı dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə müharibə ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsi təşkil edilir. MDB-yə üzv olan bir neçə dövlət ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imzalanmış sazişlərə əsasən bu ölkələrin hərbi qulluqçuları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil alması bu sahədə qazanılan uğurları bir daha təsdiq edir. Adları çəkilən hərbi təhsil müəssisələrinin maddi-tədris bazası yüksək standartlara cavab verən tədris, idman və mədəni-məişət komplekslərini əhatə edir.
Qeyd etmək lazımdır ki, ordu quruculuğu sahəsində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən islahatlar öz bəhrəsini verdi. 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.
Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Çıxışımın sonunda xüsusilə vurğulayım ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə dövlət başçısı cənab İlham Əliyev tərəfindən 29 sentyabr 2022-ci il tarixdə "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncam imzalanmışdır.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).