11:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya" nın və onun Fakültativ Protokolunun tələblər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqları şöbəsinin baş məsləhətçisi Həsən Həsənovun 13.03.2023-cü il tarixdə Mühafizə Taborunda keçirilmiş hüquqi maarifləndirmə tədbirində "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya" nın və onun Fakültativ Protokolunun tələblərinin izahı" mövzusunda çıxış mətni

 

İnsan ləyaqəti ilə ayrılmaz olan mənəvi bütövlük və şəxsiyyətə hörmət hüququ onu tələb edir ki, heç bir insana heç bir halda, insan ləyaqətinə sığmayan, onu insan kimi alçaldan rəftar və cəza verilməsin. İşgəncə qadağası sadəcə fiziki toxunulmazlığı qorumur. İşgəncə qadağası, insan ləyaqəti ilə bərabər onun fiziki, həm də mənəvi bütövlüyünü də qoruyur. İşgəncə insana sadəcə iztirab vermir, o eyni zamanda hər bir pis rəftar kimi insan ləyaqətini də alçaldır. İşgəncə eyni zamanda, onu tətbiq edən insanın da ləyaqətini alçaldır, belə ki, bu hal onun qəddarlığını, humanizm və mərhəmət hisslərindən uzaq olduğunu göstərir.
İşgəncə insanlıq tarixi qədər yaşı olan bir cəzalandırma üsuludur. Qədim zamanlardan bəri işgəncənin cəza, qorxutma, etiraf üçün tətbiq edildiyi məlumdur.
Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır. Bu müddəalar bir sıra beynəlxalq sənədlərdə, yəni " İnsan Hüquqları haqqında Ümumi Bəyannəmə"nin 5-ci, "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ın 7-ci, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapmışdır.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında da aparılan hüquqi islahatlar ilə demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqlarının ən ali dəyər kimi qorunması, insan və cəmiyyətin mənafeyinin daha önə çəkilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmişdir.
Ölkəmizin milli qanunvericilik bazası qısa zaman kəsiyində təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılmışdır.
Milli qanunvericiliyin durmadan təkmilləşdirilməsi ilə yanaşı, Respublikamız tərəfindən çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən 31 may 1996-ci il tarixli qanunla BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası", həmçinin 2 dekabr 2008-ci il tarixli qanunla isə bu Konvensiyanın Fakültativ Protokolu ratifikasiya edilmişdir.
Vurğulamaq lazımdır ki, "İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya" BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə qəbul edilmişdir. Konvensiya 33 maddədən ibarətdir.
Qeyd etmək lazımdır ki, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza termininə bir sıra müvafiq beynəlxalq aktlarda rast gəlinsə də, beynəlxalq müstəvidə işgəncəyə anlayış yalnız BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" 10 dekabr 1984-cü il tarixli Konvensiyasında verilmişdir.
Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiyanın məqsədləri üçün "işgəncə" dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və ya əzablar bu anlayışa daxil deyil.
Konvensiyanın tələblərinə görə dövlətlər aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər:
• Səlahiyyətli orqanlar işgəncə ehtimalı varsa, bunu araşdırmalı və müvafiq tədbirlər görməlidir;
• İşgəncəyə məruz qalan şəxsin şikayət hüququ vardır və həmin şikayət dərhal təmin olunmalıdır;
• Şəxs işgəncə nəticəsində ölərsə kompensasiya verilməlidir.
BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası "nın Fakültativ Protokolu BMT Baş Məclisinin 18 dekabr 2002-ci il tarixli, 57/199 saylı qətnaməsi ilə qəbul edilmiş, 22 iyun 2006-cı il tarixdə 20 dövlət tərəfində ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir.
İşgəncələrin qarşısının alınmasının ən əlverişli üsulu kimi, bütün azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərlə rəftar qaydalarının və onların saxlanılması şəraitinin öyrənilməsi məqsədilə müstəqil və müntəzəm başçəkmələrin həyata keçirilməsi Fakültativ Protokolun əsas ideyasıdır. Sözügedən sənədə əsasən başçəkmələr beynəlxalq səviyyədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin alt komitəsi tərəfindən, milli səviyyədə isə milli preventiv mexanizmlər tərəfindən həyata keçirilir.
Qeyd olunduğu kimi, Fakültativ Protokol işgəncələrlə mübarizədə effektiv alət olmaqla, işgəncələrin qarşısının alınnması üzrə milli preventiv mexanizmin təsis və ya təyin edilməsi tələbini ehtiva edir. Belə ki, Fakültativ Protokolun 17-ci maddəsinə əsasən Protokolun qüvvəyə minməsindən, və ya onun ratifikasiyasından, yaxud ona qoşulmasından sonra bir ildən gec olmayaraq hər bir iştirakçı dövlət milli səviyyədə işgəncələrin qarşısının alınması üçün bir və ya bir neçə müstəqil milli preventiv mexanizmləri dəstəkləyir, təyin və ya təsis edir.
Milli preventiv mexanizm işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üçün azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı yerlərə mütəmadi başçəkmələr həyata keçirən ölkədaxili monitorinq mexanizmidir.
Milli preventiv mexanizmin mandatına dair tələblər "İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın" Fakültativ Protokolunun 18-23-cü maddələrində nəzərdə tutulmuşdur.
Fakültativ Protokolun 18-ci maddəsində deyilir:
1. İştirakçı dövlətlər milli preventiv mexanizmlərinin funksional müstəqilliyinə, habelə onların işçi heyətinin müstəqilliyinə təminat verir.
2. İştirakçı dövlətlər milli preventiv mexanizmlərinin ekspertlərinin zəruri potensiala və peşə biliklərinə malik olmasının təmin edilməsi üçün zəruri tədbirlər görür. Onlar gender balansını və ölkədə mövcud olan etnik və azlıq qruplarının bərabər təmsilçiliyini təmin edir.
3. İştirakçı dövlətlər milli preventiv mexanizmlərin fəaliyyəti üçün zəruri resursları təqdim etməyi öhdələrinə götürür.
4. Milli preventiv mexanizmlərin yaradılması zamanı iştirakçı dövlətlər insan hüquqlarının müdafiəsi və təşviq edilməsi üzrə milli təsisatların statusuna dair prinsipləri nəzərə alır.
Fakültativ Protokolun 19-cu maddəsində deyilir:
Milli preventiv mexanizmlərə ən azı aşağıdakı səlahiyyətlər verilir:
a) zərurət olduqda, işgəncələrdən və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərindən müdafiənin gücləndirilməsi məqsədilə 4-cü maddədə müəyyən olunmuş saxlanma yerlərində azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarla bağlı məsələyə müntəzəm olaraq baxılması;
b) Birləşmiş Millətlər Təşkilatının müvafiq normaları nəzərə alınmaqla azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarın və onların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq qurumlara tövsiyələrin təqdim edilməsi, işgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinin qarşısının alınması;
c) qüvvədə olan qanunvericilik və qanun layihələrinə dair təklif və qeydlərin təqdim edilməsi.
Fakültativ Protokolun 20-ci maddəsinə əsasən, Milli preventiv mexanizmlərin öz mandatının yerinə yetirə bilməsi məqsədilə, hazırkı Protokolun iştirakçı dövlətləri onlara aşağıdakıları təqdim etməyi öhdələrinə götürür:
a) 4-cü maddədə müəyyən olunmuş həbsdə saxlanma yerlərində olan azadlıqdan məhrum edilmiş şəxslərin sayı, həmçinin belə yerlərin sayı və yerləşdiyi yer haqqında istənilən məlumatı əldə etmək imkanı;
b) belə şəxslərlə rəftar, habelə onların həbsdə saxlanma şəraiti haqqında istənilən məlumatı əldə etmək imkanı;
c) bütün həbsdə saxlanma yerlərinə, onların binalarına və obyektlərinə buraxılış;
d) azadlıqdan məhrum edilmiş şəxslərlə şahidsiz, şəxsən və ya zərurət olduqda tərcüməçi vasitəsilə, habelə milli preventiv mexanizmin fikrinə görə aidiyyəti məlumatı verə biləcək istənilən digər şəxslə fərdi söhbətlər aparmaq imkanı;
e) baş çəkmək niyyətində olduqları yerləri və söhbət etmək niyyətində olduqları şəxsləri maneəsiz seçmək hüququ;
f) Qarşısını alma üzrə Altkomitə ilə əlaqələr qurmaq, ona məlumat ötürmək və onunla görüşmək hüququ
Fakültativ Protokolun 21-ci maddəsində isə qeyd olunur ki, heç bir orqan və ya vəzifəli şəxs milli preventiv mexanizmə verilən hər hansı, istər doğru, istərsə də yalan məlumatın bildirilməsinə görə istənilən şəxs və ya təşkilata münasibətdə hər hansı sanksiyanı təyin edə, tətbiq edə, icazə verə və ya yol verə bilməz və hər hansı belə şəxs və ya təşkilat digər şəkildə sıxışdırıla bilməz. Milli preventiv mexanizm tərəfindən toplanmış konfidensial məlumat açıqlanmır. Şəxsi xarakter daşıyan məlumatlar yalnız müvafiq şəxsin birbaşa ifadə edilən razılığı olduğu təqdirdə dərc edilir.
Fakültativ Protokolun 23-cü maddəsində isə qeyd olunur ki, Protokolun iştirakçı dövlətləri milli preventiv mexanizmlərinin illik hesabatlarının dərc etməyi və yaymağı öhdələrinə götürür.
Azərbaycan Respublikası Fakültativ Protokolu 15 sentyabr 2005-ci il tarixdə imzalamış, 2 dekabr 2008-ci il tarixli, 724-IIIQ nömrəli qanunla ratifikasiya etmişdir. Azərbaycan Respublikası Prezidentinin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhnə Konvensiya"nın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə" 13 yanvar 2009-cu il tarixli, 112 saylı Sərəncamına əsasən "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Azərbaycan Respublikasında yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikasının konstitusion statusuna uyğun olaraq "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa 29 dekabr 2011-ci il tarixdə edilmiş müvafiq əlavə və dəyişikliklərə əsasən Fakültativ Protokolda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikası ərazisində yerinə yetirən təsisat qismində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa edilmiş müvafiq əlavə və dəyişikliklər öz əhəmiyyətinə və əhatə etdiyi məsələlərin dairəsinə görə olduqca əhəmiyyətlidir. Belə ki, sözügedən əlavə və dəyişikliklərlə Müvəkkilin səlahiyyət dairəsi genişləndirilmiş, Fakültativ Protokolda Milli Preventiv Mexanizmlər üçün nəzərdə tutulmuş tələblərə cavab verən səviyyəyə çatdırılmış, Müvəkkilin preventiv mexanizm funksiyalarının həyata keçirilməsi məqsədilə Preventiv qrup yaradılmışdır.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 18-1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında yaradılan Preventiv qrupun aşağıdakı hüquqları vardır:
1. İstənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq;
2. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.
Bununla yanaşı qanunvericilikdə preventiv qrupun müstəqilliyinin təminatı kimi bir neçə müddəa da öz əksini tapmışdır. Belə ki, qanunvericiliyə əsasən Preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.
Preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.
Qeyd etmək lazımdır ki, ötən dövr ərzində Qanunda təsdiq edilən bu funksiyaların icrası ilə bağlı bir çox işlər görülmüşdür. Belə ki, ilkin olaraq Müvəkkilin Preventiv mexanizm yurisdiksiyasına aid olan müəssisələr müəyyən edilmiş, hər il davamlı olaraq belə müsəssisələrə planlı və plandankənar başçəkmələr həyata keçirilmişdir. Başçəkmə zamanı qanunun tələblərinin icrasına xüsusi diqqət yetirilmiş, saxlanma yerlərində saxlama şəraiti, saxlama zamanı qanunun tələblərinə əməl olunması, müəssisələrin xüsusiyyətindən asılı olaraq saxlanılan şəxslərin həmin müəssisələrdə konstitusion hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılmışdır. Həmçinin saxlanılan şəxslərlə fərdi və ümumi görüşlər keçirilmişdir. Bundan başqa bu sahədə hüquqi maarifləndirməyə xüsusi diqqət ayrılmış, aidiyyəti orqanlarla birgə hüquqi maarifləndirmə işi davamlı aparılmışdır.

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).