9:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Hərbi informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqları şöbəsinin baş məsləhətçisi Həsən Həsənovun 04.04.2023-cü il tarixdə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavalarında həyata keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Hərbi informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi" mövzusunda çıxış mətni. 

Qeyd etmək lazımdır ki, informasiyanın azadlığı demokratik cəmiyyətin təməl daşıdır. İnformasiya əldə edilməsi hüququ digər insan hüquqlarına nisbətdə daha önəmlidir. Müvafiq informasiya olmadıqda, insan nə oxuya, nə işləyə, nə siyasi həyatda iştirak edə, nə də ki, ümumiyyətlə öz hüquqlarını qoruya və müdafiə edə bilməz.
İnformasiya hüququ insan hüquqlarının bünövrəsi olan - "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində əks etdirilib. Həmin maddədə deyilir: "Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər".
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsas məsələlərdən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olmuşdur.
İnformasiya əldə etmək hüququ ilk növbədə ümumxalq səsverməsi - referendum yolu ilə 12 noyabr 1995-ci il tarixində qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaq məqsədilə 30 sentyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
"İnformasiya" dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür.
"İnformasiya əldə etmək haqqında" Qanunun 13-cü maddəsinə əsasən sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı təqdim edə bilər.
İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Qanunun 34-cü maddəsinə əsasən informasiyalar əldə olunma növünə görə açıq və alınması məhdudlaşdırılan informasiyalar olmaqla 2 qrupa bölünür. Əldə olunması qanunla məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar isə hüquqi rejiminə görə iki yerə ayrılır: məxfi və gizli (konfidensial).
Məxfi informasiyalara dövlət sirri təşkil edən məlumatlar aid edilir. Vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri gizli (konfidensial) xarakter daşıyır.
Qeyd etmək lazımdır ki, "İnformasiya əldə etmək haqqında" Qanunun 4-cü maddəsinə əsasən qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara; "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə; "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə; beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanunu şamil edilmir.
Sorğunu vermədən əvvəl hər kəs bilməlidir ki, bütün növ informasiyanı əldə etmək mümkün deyil, çünki yuxarıda da qeyd olunduğu kimi əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında hərbi informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində də müvafiq normativ-hüquqi aktlar, doktrinalar, xüsusi dövlət proqramları qəbul edilmiş, digər çoxsaylı praktiki işlər görülmüşdür.
Azərbaycan Respublikasının hərbi informasiya təhlükəsizliyinin təmin olunması dedikdə dövlət, hərbi sahədə informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsini nəzərdə tutur. Bu sahədə qəbul edilmiş normativ hüquqi aktlardan biri 8 iyun 2010-cu il tarixli Azərbaycan Respublikasının Hərbi doktrinasıdır. Azərbaycan Respublikasının Hərbi doktrinası Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Hərbi Doktrinanın 50-ci bəndində informasiya təhlükəsizliyinin təmin edilməsi dinc dövrdə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin əsas vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Azәrbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli sәrәncamı ilә tәsdiq edilmiş "Azәrbaycan Respublikasının Milli Tәhlükәsizlik Konsepsiyası"nda və "Milli Təhlükəsizlik haqqında" Qanununda da öz əksini tapmışdır. "Milli Təhlükəsizlik Konsepsiyası"nda qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.
İnformasiya təhlükəsizliyi siyasəti "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda da ümumi formada öz əksini tapmışdır.
"Milli təhlükəsizlik haqqında" Qanuna əsasən dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər informasiya sahəsində dövlətə qarşı əsas təhdidlərdən biri hesab edilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında hərbi informasiya təhlükəsizliyi sahəsində qəbul edilən normativ hüquqi aktlar bu sahədə əsas vəzifələrin yerinə yetirilməsinə, milli-hərbi informasiya resurslarının qorunmasına və təhdidlərin qarşısının alınmasına, o cümlədən bu sahədə effektli tədbirlərin gücləndirilməsinə xidmət edir.
İnformasiya təhlükəsizliyi ilə bağlı münasibətləri özündə əks etdirən "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanunu isə Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Hərbi sahədə dövlət sirri təşkil edən məlumatların siyahısı 7 sentyabr 2004-cü il tarixli "Dövlət sirri haqqında" Azərbaycan Respublikasın Qanunun 5-ci maddəsində nəzərdə tutulur və onu yayan hər kəs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir.
Belə ki, Qanunun 5-ci maddəsinə əsasən hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir:
1.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
3. silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında;
4. milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında;
5. qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında;
6. Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi
əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.
Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlara daxildir:
1. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;
2. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında;
3. dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa;
4. şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında;
5. məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında;
6. dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında;
7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında;
8. Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında;
9. dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında.
Əlavə olaraq qeyd etmək lazımdır ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 1.3-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasında informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 13-1-ci maddəsində Müvəkkil tərəfindən informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılması, şikayətlərə baxılma müddəti, hüquq pozuntularının aradan qaldırılması ilə bağlı görülən tədbirlər təsbit olunmuşdur.














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).