9:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqları şöbəsinin baş məsləhətçisi Rəmzi Həsənovun 04.04.2023-cü il tarixdə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavalarında həyata keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması" mövzusunda çıxış mətni.

Beynəlxalq humanitar hüquq silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusudur.
Beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, artıq başlamış müharibəni, onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq müəyyən normativ çərçivəyə salmağa çalışır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.
2. Seçimsiz zorakılığın, artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi "Haaqa hüququ" adlandırılır (1899 və 1907-ci illərdə Haaqa sülh konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən).
Beynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi beynəlxalq silahlı münaqişələrdir. Beynəlxalq silahlı münaqişə, müharibənin elan olunub-olunmamasından, xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb-tanımamasından asılı olmayaraq, iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişə kimi başa düşülür.
Beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplərə söykənir. Bu prinsiplərə - silahlı münaqişələrin humanistləşdirilməsi; döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması; müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi; mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi; hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması; düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyi; neytral dövlətlərin mənafelərinin qorunması prinsipləri aiddir.
Beynəlxalq humanitar hüquq sahəsində qəbul edilmiş beynəlxalq hüquqi sənədlərin nizama salma obyektlərinə görə quru müharibələri qanun və adətləri haqqında, dəniz müharibələri qanun və adətləri haqqında, hava müharibələri qanun və adətləri haqqında, silahlı münaqişə qurbanlarının mühafizəsi haqqında, müharibə aparılması vasitələrinin məhdudlaşdırılması və qadağan edilməsi haqqında, mədəni mülkiyyətin və təbii mühitin mühafizəsi haqqında, beynəlxalq humanitar hüquq normalarına riayət edilməsinin təmin edilməsi haqqında sənədlər kimi növləri vardır.
Beynəlxalq humanitar hüququn Cenevrə hüququ adlanan hissəsinin əsasını silahlı münaqişələr zamanı sıradan çıxmış, yaxud silahlı münaqişədə iştirak etməyən şəxslərin himayəsi, yəni onların mühafizəsi və onlarla humanitar rəftarın təmin edilməsinə xidmət edən müddəalar təşkil edir.
12 avqust 1949-cu il tarixdə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş Protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
1949-cu il tarixli Cenevrə Konvensiyaları "Quruda döyüşən silahli qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlər ilə rəftara dair" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" Konvensiyalardan ibarətdir.
Həmin Konvensiyalara əlavə edilmiş protokollar isə 8 iyun 1977-ci il tarixli "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair", 8 iyun 1977-ci il tarixli "Qeyri-beynəlxlaq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" və 8 dekabr 2005-ci il tarixli "Əlavə fərqləndirici emblemin qəbuluna dair" Protokollardan ibarətdir.
Azərbaycan Respublikası bu Konvensiyalara 21 aprel 1993-cü il tarixdə qoşulub.
I və II Cenevrə Konvensiyalarının 12-ci maddəsində yaralı və xəstələrə, gəmi qəzasına düşənlərə himayə və qayğı aşağıdakı kimi öz ifadəsini tapmışdır: "Silahlı qüvvələrin şəxsi heyəti və növbəti maddədə göstərilən digər şəxslər yaralı və xəstə olduqlan bütün hallarda himayə edilməli və mühafizə olunmalıdır. Münaqişə edən tərəf onun tabeliyi altına düşənlərlə cins, irq, milliyyət, din, siyasi əqidə və ya digər bu kimi meyarlara əsaslanan hər hansı ayrı-seçkilik qoymadan, humanist rəftar etməli və onlara qayğı göstərməlidir. Onların həyatına hər hansı qəsd və ya şəxsiyyətini təhqir edən hərəkət qəti qadağan edilir. Xüsusilə də, onlar öldürülə, məhv edilə, işgəncələrə və ya bioloji sınaqlara məruz qoyula bilməz. Onlar nə tibbi yardımsız və qulluqsuz qoyula, nə də qəsdən yoluxdurucu şəraitdə saxlana bilməz. Yalnız təxirəsalınmaz tibbi səbəblərə görə tibbi yardım göstərilməsində növbə üstünlüyünə yol verilə bilər. Qadınlarla onların cinsinə uyğun şəkildə xüsusi hörmətlə rəftar edilməlidir.
"Hərbi əsirlərlə rəftara dair" III Cenevrə Konvensiyasının 13-cü maddəsi, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 27-ci maddəsi hərbi əsir və mülki əhali haqqında da oxşar himayə və qayğını nəzərdə tutur. Bu kateqoriyadan olan şəxslərə himayə və qayğı göstərilməsinin zəruriliyi Cenevrə Konvensiyalarına Əlavə Protokollarda da öz əksini tapmışdır. Məsələn, I Əlavə Protokolun 10-cu maddəsində göstərilir ki, "hansı tərəfə mənsub olmalanndan asılı olmayaraq, bütün yaralılara, xəstələrə və gəmi qəzasına uğrayanlara hörmət və mühafizə göstərilir. Bütün hallarda onlarla humanist rəftar edilir, maksimum mümkün dərəcədə və ən qısa müddətdə onlara vəziyyətlərinə uyğun tibbi yardım və qayğı göstərilir. Tibbi mülahizələr istisna olmaqla, heç bir mülahizəyə görə onların arasında fərq qoyulmur".
Beynəlxalq humanitar hüquq silahlı münaqişə zamanı xidməti zəruri olan tibb heyətini - onların ölkələri ərazisində daxili münaqişə mövcud olduqda; onların ölkəsi başqa ölkə ilə münaqişəyə cəlb olunduqda; onların ölkəsi qismən və ya tamamilə başqa ölkə tərəfindən işğal olunduqda mühafizə edir.
I Cenevrə Konvensiyasının tələbinə əsasən tibb xidmətinin daimi müəssisələri və səyyar birləşmələri heç bir halda həmləyə məruz qalmamalı, əksinə münaqişənin tərəfləri həmişə onlara hörmət və himayə göstərməlidirlər. Belə birləşmələr və müəssisələr düşmən tərəfin əlinə keçdikdə, onları ələ keçirən dövlət orada olan yaralılara və xəstələrə zəruri yardımı təmin edənədək həmin birləşmələrin və müəssisələrin heyəti öz vəzifələrinin icrasını davam etdirirlər.
"Hərbi əsirlərlə rəftara dair" III Cenevrə Konvensiyasının tələblərinə əsasən hərbi əsirlər öz şəxsiyyətinə və şərəfinə hörmət edilməsi hüququna malikdirlər. Qadınlarla onların cinsi nəzərə alınmaqla rəftar edilməli və bütün hallarda onlar kişilər üçün yaradılmış şəraitdən az əlverişli olmayan şəraitlə təmin edilməlidir.
Hərbi əsirlər əsir düşdükləri vaxt malik olduqlan mülki hüquq qabiliyyətini tamamilə saxlayırlar. Əsirlikdə saxlayan dövlət bu hüquqların həyata keçirilməsini yalnız əsirlik şəraitinin tələb etiyi dərəcədə məhdudlaşdıra bilər.
Əsirlikdə saxlayan dövlət hərbi əsirlərin saxlanılması və onların sağlamlıq vəziyyətinin tələb etdiyi yardımı pulsuz tə'min etməlidir. Hərbi əsirlərin sağlamlığı və tibbi xidmətlə əlaqədar əsirlikdə saxlayan dövlət - hərbi əsirlərlə humanitar rəftar olunmalı və onların sağlamlığı təhlükəyə məruz qoyulmamalıdır; düşərgədə epidemiya yaranmasının qarşısının alınması məqsədilə təmizliyi qorumaq və sağlam şəraitin təmin olunması üçün zəruri tədbirlər görülməlidir; hərbi əsirlərə müvafiq yemək verilməli və tibbi xidmət göstərilməlidir; hərbi əsirlərin sağlamlıqlarının lazımi səviyyəsinin qorunması üçün onlar zəruri vasitələrlə, məsələn eynək, diş və digər protezlərlə, pulsuz təchiz olunmalıdır; sağlamlığı xüsusi müalicə və tibbi xidmət tələb edən hərbi əsirlər ixtisaslaşmış tibbi müəsisələrə göndərilməlidir; hərbi əsirlərin tibbi hey'ətin qəbuluna düşməsinə maneçilik göstərilməməlidir; ayda bir dəfədən az olmayaraq hərbi əsirlər müayinədən keçirilməlidir; məcburi əməyə cəlb edilmiş hərbi əsirlərin işə yararlığı yoxlanılmalı və yararsızlar məcburi əməkdən azad edilməlidir.
Hərbi əməliyyatlar aparılarkən mülki əhaliyə, mülki şəxslərə və mülki obyektlərə aman verilməsinə daim qayğı göstərilməlidir.
Münaqişədə iştirak edən tərəflər nəzarət altında saxlanılanların müəyyən kateqoriyalanın, xüsusən uşaqların, hamilə qadınların, südəmər və azyaşh uşaqları olan anaların, yaralıların və xəstələrin, uzun müddət nəzarət altında saxlanılanların azad edilməsi, vətənə qaytarılması, öz yaşayış yerlərinə qaytarılması və ya neytral ölkədə yerləşdirilməsi barədə döyüş əməliyyatları dövründə sazişlər bağlamağa səy göstərməlidirlər.
Ümumilikdə, Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş Protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
1899-cu ildə Haaqada beynəlxalq Sülh Konfransı keçirildi. Konfrans zamanı "Quru müharibələrinin adət və qanunları haqqında" Konvensiya və ona Əlavə qəbul edildi. Konvensiyada digər məsələlərlə yanaşı, müharibə zamanı düşmənə ziyan yetirən metod və vasitələrin tətbiqi məsələləri barədə müddəalar da öz əksini tapmışdı.
1907-ci ildə Haaqada keçirilən II Sülh konfransı zamanı 1899-cu ildə qəbul edilmiş Konvensiya və Əsasnamə yenidən nəzərdən keçirildi. 2-ci Əsasnamədə müharibə aparılmasının metod və vasitələrinin məhdudlaşdırılmasına aid bir sıra müddəalar öz əksini tapmışdı. Əsasnamədə göstərilirdi ki, "düşmənə ziyan yetirilməsi vasitələrini seçməkdə döyüşən tərəflər qeyri-məhdud hüquqdan istifadə etmirlər.
Beynəlxalq humanitar hüquqda silahlı münaqişələr zamanı mədəni mülkiyyətin və ətraf mühitin qorunmasına dair müddəalar da öz əksini tapmışdır.
14 may 1954-cü il tarixdə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında" Konvensiya YUNESKO-nun himayəsi altında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdəndir.
Konvensiya iştirakçısı olan dövlətlər mədəni mülkiyyəti hər hansı formada, hər hansı oğurlamaq, qarət etmək, yaxud qanunsuz surətdə mənimsəmək hərəkətlərini, həmçinin göstərilən mülkiyyət barəsində hər hansı vandalizm hərəkətlərini qadağan etməyi, onlann qarşısını almağı və lazım gələrsə kökünü kəsməyi öhdələrinə götürürlər. Konvensiyaya əsasən iştirakçı dövlətlərin ərazisindəki daşınar mədəni mülkiyyətin müsadirə olunması da qadağan edilir.
Konvensiyaya Əlavə Protokolda iştirakçı dövlətlərin Konvensiyada müəyyən edilmiş mədəni mülkiyyətin münaqişə vaxtı işğal olunmuş ərazilərdən çıxarılmasının qarşısını almaq, hər hansı işğal edilmiş ərazidən öz ərazisinə birbaşa, yaxud dolayısı ilə gətirilmiş mədəni mülkiyyəti mühafizə etmək öhdəliyi öz əksini tapmışdır.
Həmçinin, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına I Əlavə Protokola əsasən xalqların mədəni və ya dini irsini təşkil edən tarixi abidələrə, incəsənət əsərlərinə və ya ibadətgahlara qarşı hər hansı düşmənçilik hərəkətlərinin törədilməsi, belə obyektlərdən hərbi səyləri dəstəkləmək məqsədilə istifadə olunması, belə obyektlərin əvəzçıxma obyektlərinə çevrilməsi qadağandır.
12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına I Əlavə Protokola əsasən təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurmaq məqsədi güdən və ya belə ziyan vuracağı gözlənilən müharibə aparılması üsullarının və vasitələrinin tətbiqi qadağandır.
Hərbi əməliyyatlar zamanı təbii mühitin genişmiqyaslı, uzunmüddətli və ciddi ziyandan mühafizəsinə qayğı göstərilir. Belə mühaifzəyə təbii mühitə bu cür ziyan vurmaq məqsədi güdən və ya ziyan vuracağı və nəticədə əhalinin sağlamlığına və ya sağ qalmasına zərər yetirəcəyi gözlənilən müharibə aparılması üsullarının və vasitələrinin tətbiqinin qadağan edilməsi daxildir. Təbii mühitə əvəzçıxma yolu ilə həmlələr qadağandır.
Həmçinin, 10 dekabr 1976-cı ildə BMT-nin himayəsi altında qəbul edilmiş "Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında'' Konvensiya iştirakçı dövlətlərdən ətraf mühitə geniş, uzunmüddətli və ya ciddi təsir göstərən vasitələrindən hər hansı iştirakçı dövlətə ziyan və ya zərər yetirilməsi üçün hərbi və ya hər hansı düşməncəsinə istifadədən çəkinməyi tələb edir. Hər bir iştirakçı dövlət həmin maddədə nəzərdə tutulan müddəaları pozan hər hansı dövlətə və ya beynəlxalq təşkilata yardım göstərməməli və onları buna sövq etməməlidir.
Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi və işğal altında olan vətən torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən Müharibəsinə nəzər saldıqda görürük ki, müharibə zamanı beynəlxalq humanitar hüququn normaları Ermənistan tərəfindən dəfələrlə kobud şəkildə pozulmuşdur.
Ermənistanın mülki əhalini hədəf seçərək, hərbi əməliyyatların getdiyi ərazidən kənarda yerləşən mülki əhalini, şəhərləri və obyektləri atəşə tutması beynəlxalq hüquq normalarına tamamilə ziddir və insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
Həmçinin, Vətən Müharibəsi zamanı Ermənistan tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş döyüş metod və vasitələrindən istifade edilməsinə dair kifayət qədər faktlar mövcuddur.
Əlavə olaraq qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilmiş vandalizm nəticəsində mədəni mülkiyyət obyektlərinə və ətraf mühitə külli miqdarda ziyan dəymişdir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).