12:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Qadın hüquqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolu

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqları şöbəsinin baş məsləhətçisi Aysel Nəcəflinin 19.04.2023-cü il tarixdə Naxçıvan Qızlar Liseyində keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Qadın hüquqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda çıxış mətni

Qadınların cəmiyyətdəki rolu, zərif cinsin nümayəndələrinin azad şəkildə fəaliyyət göstərməsi, heç kimdən asılı olmadan öz hüquqlarından irəli gələn vəzifələri yerinə yetirməsi, iqtisadi, siyasi və digər hüquqlara görə kişilərlə bərabərləşdirilməsi məsələsi həmişə cəmiyyətin marağında olmuşdur. Qadınlar ta qədimdən bu günə kimi dövlət siyasətində, qanunvericilikdə, dövlətin idarə olunmasında, ailə təməlinin qurulmasında daim öz fəaliyyətləri ilə diqqət mərkəzində olmuşlar.
Qadının cəmiyyətdəki rolu haqqında danışarkən xüsusilə qeyd edilməlidir ki, bu gün qadın bir tərəfdən ailədə anadır, bacıdır, həyat yoldaşıdır, digər tərəfdən isə cəmiyyətin üzvüdür, maddi nemətlərin istehsalçısıdır.
Xalqımızın milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyev qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. Bunun nəticəsidir ki, qadınlar dövlət orqanlarında və müxtəlif sahələrdə çalışır, dövlət siyasətinin həyata keçirilməsində birbaşa iştirak edə bilirlər. "Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək və realizə etmək üçün yaranan imkanların nəticəsidir. Məhz ona görədir ki, dövlət orqanlarında qadınlar çox müvəffəqiyyətlə işləyirlər."
Qeyd etmək lazımdır ki, Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan insanpərvər siyasətin nəticəsidir. Ümummilli Liderin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımların bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasının Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır.
Belə ki, Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyasının 25-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Qeyd etmək lazımdır ki, qadın hüquqlarının müdafiəsi istiqamətində ölkəmiz bir sıra mühüm beynəlxalq sənədlərə qoşularaq bu sahədə qanunvericiliyi təkmilləşdirmək imkanı əldə etmişdir. Belə ki, ötən müddət ərzində ölkəmiz "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyaya və həmin Konvensiyanın Fakültativ Protokoluna, "Qadınların siyasi hüquqları haqqında", "Ərdə olan qadınların vətəndaşlığı haqqında", "Analığın mühafizəsi haqqında" "Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında", "Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında" konvensiyalara, o cümlədən "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokola, "Beynəlxalq Əmək Təşkilatının bır sıra konvensiyalarına, o cümlədən "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər əmək haqqı verilməsi haqqında", "Qadınların müxtəlif yeraltı işlərdə və şaxtalarda əməyinin məhdudlaşdırılması haqqında", "İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında", "Hər hansı şaxtadakı qaldırıcı işlərdə qadın əməyinin tətbiqi haqqında" konvensiyalara və digər beynəlxalq sənədlərə qoşulmuşdur.
Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul etmişdir.
14 yanvar 1998-ci ildə Ulu öndər Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalamış, elə həmin ildə müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 6 mart 2000-ci il tarixli Fərmanı isə gələcəkdə dövlət qadın siyasətinin istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm bir dövlət sənədinə çevrildi. Bu dövlətin qadınlara münasibətdə apardığı siyasətin ən yüksək səviyyədə qurulmasına əyani sübut idi. Bu siyasət həm də bərabər hüquqlar, bərabər imkanlar siyasətinə açılan yeni bir körpü idi. Həmin tarixi sənəddə qadınların kişilərlə hüquq bərabərliyi, xüsusilə onların dövlət idarəçiliyi sistemində layiqli səviyyədə təmsil olunmaları, habelə onların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması, iqtisadi islahatlar səviyyəsində həyata keçirilən işlər, işləməyən qadınların məşğulluğu problemlərinin həlli, qadınlarla kişilər arasında bərabər imkanların yaradılması, gender siyasəti tələblərinin rəhbər tutulması öz təsbitini tapdı.
Həmçinin 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı"nın (2000-2005-ci illər) təsdiq edilməsi edilməsi qadınlarımızın ictimai-siyasi fəallığına ikinci bir təkan verməklə yanaşı, qadınların hüquqlarını milli qanunvericilikdə daha geniş şəkildə təmin edilməsi və müdafiəsi məsələlərini də həll etmiş oldu.
Bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev qadınların cəmiyyətdə fəal iştirakını, hüquq və azadlıqlarının yüksək səviyyədə təminatını, gender bərabərliyinin qorunmasını insan hüquqları sahəsində həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birinə çevirmişdir. Ölkə Prezidentinin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən Komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır.
Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi üçün "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunları, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı", "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" və bir çox dövlət proqramları qəbul edilmişdir.
Həmin sənədlərdə əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə onlara qarşı zorakılıq, həmçinin məişət zorakılığı ilə bağlı mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş maarifləndirmə işinin təşkili, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin təmin edilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası ötən illər ərzində davamlı olaraq həyata keçirilmiş, qadınların əmək hüquqları, sosial təminatla bağlı güzəşt və imtiyazları daha da təkmilləşdirilmiş, Ailə, Əmək, Mülki, Cinayət və digər məcəllələrə müvafiq dəyişikliklər edilmiş, onların cəmiyyətin hər bir sahəsində fəal iştirakına şərait yaradılmışdır.
Bu gün Azərbaycan Respublikasının bütün qanunları və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır ki, bunlar bütövlükdə Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qanunlarda qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun çərçivəsində insanların hüquq və azadlıqları cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoruyur və beynəlxalq hüquq normalarının tələblərinə cavab verir.
Ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da cəmiyyətin ictimai-siyasi həyatında qadınların rolu bu gün getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət qadın siyasəti ilə bağlıdır.
Muxtar respublikamızda qadınlar, xüsusən də aztəminatlı, sağlamlıq imkanları məhdud qadınlar üçün maliyyə savadlılığının artırılması, ailə büdcəsinin idarə olunması ilə bağlı təlimlərin keçirilməsi onların idarəetmə vərdişlərinin yüksəldilməsinə, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə yönəlmişdir. Həmçinin muxtar respublikamızda müxtəlif beynəlxalq layihələr həyata keçirilir, muxtar respublikanın turistik mərkəzlərində istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilir.
Onu da vurğulamaq lazımdır ki, muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər.
Bu gün ölkəmizdə, habelə muxtar respublikamızda mövcud şərait qadınlarımızın zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Dövlətimizin qadınlarla bağlı həyata keçirdiyi bu siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər imkanlarını və bu imkanları təmin etməyə yönəlmişdir. Ulu öndərimizin əsasını qoyduğu bu siyasət daimi və dönməz prioritet məqsədlər olmaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).