11:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Vətəndaş cəmiyyəti institutlarının müasir modelinin banisi

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqları şöbəsinin baş məsləhətçisi Mətin Allahverdiyevin 11.05.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində keçirilmiş hüquqi maarifləndirmə tədbirində "Vətəndaş cəmiyyəti institutlarının müasir modelinin banisi - Ümummili Lider Heydər Əliyev" mövzusunda çıxış mətni.

Qeyd etmək lazımdır ki, dünya siyasət tarixində fenomenal şəxsiyyətlərdən olan Ümummilli lider Heydər Əliyevin xalqımızın inkişafı, Azərbaycanın tərəqqisi və qabaqcıl dünya ölkələri sırasına çıxması üçün əvəzedilməz xidmətləri olmuşdur. Dahi şəxsiyyətinnəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır.
1991-ci ilin 18 oktyabrında görkəmli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atdığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, Azərbaycanın müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, bir sözlə, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurlu həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai-siyasi sabitliyin qorunub saxlanılması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin müstəsna missiya ilə müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq təcrübi surətdə həyata keçirmiş böyük şəxsiyyət olduğu danılmaz həqiqətdir.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır. Dövlətçiliyin möhkəmləndirildiyiilk illərdə xalqımız məhz görkəmli dövlət xadimi Heydər Əliyevin konseptual irsinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub saxlamış, uzun müddət davam edən dərin iqtisadi böhrandan çıxaraq sürətli və hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir. Ulu öndərin malik olduğu siyasi bilik və qabiliyyətləri fenomenal keyfiyyətləri artıq tarixin daş yaddaşına qızıl hərflərlə həkk olunmuşdur.
Ulu öndərin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilmişdir. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən olmuşdur. Vətəndaş cəmiyyətinin formalaşması isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir. Ümummilli lider böyük dövlətçi, siyası xadim və dahi şəxsiyyət olaraq dağılmış, talan edilmiş, viran qoyulmuş, yalnız adı müstəqil respublika olan Azərbaycanı ayağa qaldırdı. Heydər Əliyev nəinki ölkənin müstəqilliyini qoruyub saxlaya bildi, həm də ona dönməz xarakter verdi, Azərbaycanı dünyaya açdı. Böyük öndərin hakimiyyətə qayıdışı ilə həyatın bütün sahələrində köklü dəyişikliklərə, islahatlara start verildi. Ümummilli lider müharibəni səngərlərdən diplomatiya müstəvisinə keçirməklə həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi.
Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən ölkə Konstitusiyası qəbul olundu. Bundan sonra dövlət strukturları Konstitusiya ilə üzərlərinə qoyulan vəzifələri həyata keçirməyə başladı. Azərbaycan dövləti və cəmiyyətinin idarə olunması beynəlxalq, bəşəri, sivil prinsiplərə istiqamətləndirildi, ölkəmiz hüquqi-demokratik dövlət quruculuğu yolunda inamla addımlamağa başladı. Eyni zamanda, Konstitusiyanın qəbulu ilə ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının dövlət strukturu deyil, məhz aşağıdan gələn təşəbbüskarlığın ümumi ifadəçisi olması, müstəqil qurum kimi formalaşması, Azərbaycanın milli maraqlarının qorunması sahəsində də əlavə imkanlar açıldı.
Cəmiyyətin siyasi sisteminin inkişaf etdirilməsi, sosial-iqtisadi siyasət, sosial-mədəni və mənəvi inkişaf sahəsində fəaliyyətin əsas istiqamətləri Azərbaycanın müstəqilliyinin xilaskarı kimi dövlət rəhbərliyi missiyasını öz üzərinə götürmüş ulu öndərin daxili siyasətdə əsaslandığı sabit və uğurla reallaşdırılan taleyüklü siyasi vəzifələr idi. Ümummilli lider Heydər Əliyev özünün öndərliyində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini belə dəyərləndirirdi: "Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq".
Böyük öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir.Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük lider Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.
Azərbaycanda demokratik dəyərlərin bərqərar edilməsi, vətəndaşın cəmiyyətdə özünü azad hiss etməsi, hüquq və azadlıqlarını müdafiə etməsi üçün bütün zəruri addımlar atıldı. Bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant ölkə kimi tanınır. Hər ötən illə müqayisədə ölkəmizdə demokratik dəyişikliklərin həyatımıza tətbiq olunma tempi yüksələn xətt üzrə inkişaf edir. Cəmiyyətə təsir imkanı baxımından ən üstün imkanlara malik vətəndaş cəmiyyəti inistitutlarından biri də kütləvi informasiya vasitələridir. Məhz, bu baxımdan, bu sektorun inkişaf səviyyəsi dövlətdəki ümumi yüksəliş səviyyəsinin, demokratik durumun göstəricisi sayılır. Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsinə çevirilmişdir. Ulu öndər Heydər Əliyevin təsdiq etdiyi 1998-ci il 22 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin Dövlət Proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixində imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Fərman, eləcə də, kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu.
Dövlət müstəqilliyinin ilk illərində yaranmış müxtəlif səpkili ictimai birliklər, assosiasiyalar, cəmiyyətlər müstəqillik ideyasının güclənməsinə, qaçqın və məcburi köçkün probleminin həllinə, ölkəmizin informasiya blokadasından çıxmasına, demokratik proseslərin dərinləşməsinə, vətəndaş cəmiyyəti quruculuğuna kömək etməyə çalışırdılar. Lakin bütün bu cəhdlər ictimai sektorun formalaşması üçün kifayət deyildi və bu sahənin inkişafı üçün dövlətin ciddi müdaxiləsinə ehtiyac vardı.
Azərbaycanda qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçib. İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliyin olmaması və pərakəndəliklə xarakterizə edilir. Həmin dövrdə dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedirdi. Həyatın müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının yaranması və cəmiyyətimizdəki demokratik proseslərə qoşulması onların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurumlarla daha səmərəli əlaqələrin qurulmasını zəruri edirdi. 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması bu boşluğu xeyli dərəcədə aradan qaldırdı. QHT-lərlə İş üzrə Resurs və Təlim Mərkəzinin təşkilati və texniki dəstəyi ilə 11 iyul 1999-cu ildə Milli QHT Forumu 95 təşkilat tərəfindən təsis edildi. Bununla, ölkə QHT-lərini öz ətrafında toplayan Milli QHT Forumunun üzərinə böyük vəzifə düşdü. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin mövcudluğu şəraitində birbaşa dövlətçilik maraqlarını müdafiə etməli olan Milli QHT Forumu həm müstəqil fəaliyyət göstərməli, həm cəmiyyətin bütün təbəqələrini əhatə etməli, həm də dövlət quruculuğunda fəal iştirak etməli idi.
İqtisadi cəhətdən güclənmə Azərbaycanda QHT sektoru, Milli QHT Forumu üçün beynəlxalq əlaqələrin yaranması, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, habelə beynəlxalq təcrübədən istifadə üçün geniş imkanlar yaratdı. Ən böyük layihələrdən biri olaraq 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinə QHT-lərin münasibəti mövzusunda keçirilən "dəyirmi masa" öz bəhrəsini verdi və bu tədbirdə QHT-lərin Beynəlxalq Koalisiyası yarandı.
Milli QHT Forumu fəaliyyətə başladığı gündən müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq edərək ictimai təşkilatların fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, onların inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində ardıcıl işlər aparmağa başladı. Həmçinin forum QHT sektorunun fəaliyyətini tənzimləyən qanun layihələrinin hazırlanmasında yaxından iştirak etdi. Bunları həyata keçirmək üçün isə ümummilli lider öz fəaliyyəti, yürütdüyü daxili və xarici siyasətlə Milli QHT Forumuna strategiyasını müəyyənləşdirməkdə sanballı yol göstərirdi. Həmin strategiyanın həyata keçirilməsinin nəticəsi idi ki, 1997-ci ildə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında "Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlı birgə layihə haqqında saziş imzalandı. Layihənin icrası üçün 1998-ci ildə QHT-lərin Resurs və Təlim Mərkəzinin yaradılması QHT sektorunun sonrakı inkişafında ciddi faktora çevrildi. Ardınca 1998-ci ildə "Qrant haqqında" qanunun qəbul edilməsi qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi baxımından müstəsna əhəmiyyətə malik oldu. Ən nəhayət, 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni qanun qəbul edildi.
Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də xüsusi önəm verir. 2003-cü ilin sonlarında QHT hərəkatında yeni bir canlanmaya səbəb olan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında" qanunun qəbul edilməsi ilə Prezident İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafında qərarlı olduğunu nümayiş etdirdi. Məhz həmin qanunun qəbulu QHT-lərin qeydiyyatının asanlaşmasına səbəb oldu.
Ötən müddət ərzində Milli QHT Forumunun həyata keçirdiyi layihələr, gördüyü işlər QHT sektorunun fəaliyyətinin cəmiyyətə təsirinin sübutudur. Bu mərhələ qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin institusional mexanizmlərinin yaradılması, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsi, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaşdırılmasında QHT-lərin iştirakı və vətəndaş cəmiyyəti institutlarının yeni beynəlxalq əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə səciyyəvidir.
Müasir dövrdə ölkəmizin qarşısında duran vəzifələrin həll edilməsində qeyri-hökumət təşkilatlarının rolunu, dövlət orqanları ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu tərəfdaşlığı və əməkdaşlığının zəriruliyini lazımınca qiymətləndirən Azərbaycan dövləti onların potensialının artırılmasını və faəliyyətinin gücləndirilməsini, əsaslandırılmış təklif və təşəbbüslərini dəstəkləyir. "Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası" buna sübutdur. 2007-ci il iyulun 27-də Prezident İlham Əliyev "Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Həmin ilin dekabrında isə ölkə başçısının konsepsiyada nəzərdə tutulan müddəaların icrasını təmin etmək məqsədilə imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin institusional mexanizminin yaradılması işi uğurla başa çatdı və QHT sektorunun tarixində yeni bir mərhələnin əsası qoyuldu. Güclü vətəndaş cəmiyyəti qurmaqda qərarlı olan Prezident İlham Əliyev qeyri-hökumət təşkilatlarının dövlət quruculuğundakı rolunu belə qiymətləndirir: "Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir". Bununla da, ölkə başçısı qeyri-hökumət təşkilatlarının müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesində vacib institutlarından biri olduğunu vurğulayır.
Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurası hökumətlə QHT sektoru arasında körpü rolunu oynayır. Könüllülük, demokratiya, aşkarlıq, qanunçuluq və digər prinsiplər əsasında fəaliyyət göstərən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycanda faktiki fəaliyyət göstərən QHT-lərin böyük bir hissəsini öz ətrafında birləşdirir. QHT-lərə Dövlət Dəstəyi Şurası yarandığı gündən Azərbaycanın ən ağrılı yeri olan ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dünyaya fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində fəal iş aparır.
Ölkəmizdə insan və vətəndaş hüquqlarının qorunması sahəsi də Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən həyata keçirilən hüquqi islahatlar dövlətçiliyimizin möhkəmləndirilməsinə, sabitliyin yaranmasına və bununla da, cəmiyyətimizin gələcək inkişafında insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına real şərait yaratmışdır. Ulu öndərimizin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci ildə tamamilə ləğv edilmiş, bununla da, Azərbaycan Respublikasının adı Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə kimi tarixə düşmüşdür. Bu, ölkəmizin hələ Avropa Şurasına üzv qəbul olunmadığı dövrlərdə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirmişdir. 1998-ci il fevralın 22-də Ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalamış, bu mühüm sənəddə insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə, Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamına əsasən, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Ötən müddət ərzində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurlu həllini tapmış, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənmiş, respublikamız bir sıra beynəlxalq müqavilələrə qoşulmuş, yeni məhkəmə sistemi formalaşmış, konstitusion nəzarət mexanizmi olan Konstitusiya Məhkəməsi yaradılmış, 2001-ci il dekabr ayının 28-də "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmiz üçün yeni bir qurum olan Müvəkkil təsisatı yaradılmış, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmişdir.
Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).