14:09 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) muxtar respublikada "Uşaq Hüquqları Aylığı" ilə bağlı MÜRACİƏTİ.


Uşaqlıq dövrü insanın daha həssas yanaşma tələb edən bir mərhələsi olduğundan, uşaqların hər zaman xüsusi diqqət və müdafiəyə ehtiyacları var. Uşaq hüquqlarının müdafiəsi irqindən, cinsindən, sosial statusundan, doğulduğu yerdən və digər mənsubiyyətindən asılı olmayaraq təmin edilməlidir. Bütün uşaqlar sülh, ləyaqət, tolerantlıq, azadlıq, bərabərlik, həmrəylik, qayğı mühitində böyüməli və onların hüquqları və maraqlarının qorunması hər kəs tərəfindən təmin edilməlidir.
Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
1989-cu il noyabr ayının 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası uşaq hüquqları sahəsində əvvəllər qəbul edilmiş sənədlərlə müqayisədə ən dolğun və bu hüquqları beynəlxalq hüquq normaları qüvvəsinə bərabər tutan ilk sənəddir. İştirakçı dövlətlərin sayına görə bu, BMT-nin ən çoxsaylı konvensiyasıdır. Bu fakt özü-özlüyündə uşaq hüquqlarının qorunmasına dünya cəmiyyətinin yüksək əhəmiyyət verməsini sübut edir.
Uşaq hüquqları sahəsində əsas beynəlxalq sənəd olan "Uşaq hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkədə hər il olduğu kimi bu il də 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 17 oktyabr 2024-cü il tarixli müraciəti ilə bağlı muxtar respublikada bütün aidiyyəti qurumları "Uşaq Hüquqları Aylığı"na qoşulmağa dəvət edərək, təşəbbüsümüzə dəstək verməyə, aylıq çərçivəsində uşaq hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmaların aparılmasına, maarifləndirmə, təşviqat və digər tədbirlərin keçirilməsinə çağırıram.

Günay Rzayeva
Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman)
19 oktyabr 2024-cü il













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).